Rəqəmsal islahatlara həsr olunmuş ictimai dinləmə keçirilib 

21:07 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində icra edilən islahatlara həsr olunan ictimai dinləmə keçirib.

Tədbirdə startap, investisiya fondları, yerli və xarici şirkətlərin nümayəndələri, texnopark rezidentləri və ekspertlər iştirak ediblər.

Nazirlikdən hafta.az-a bildirilib ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində görülən işlər, əldə olunan nəticələr və qarşıdakı hədəflər barədə məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin fevral ayında keçirilən müşavirədə rəqəmsal inkişaf üçün yol xəritəsi rolunu oynayan mühüm qərarlar qəbul edilib. Həmin qərarlara uyğun olaraq, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin vahid yanaşma əsasında həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Nazir müavini qeyd edib ki, Şuranın fəaliyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovasiya əsaslı iqtisadi modelə keçidin təmin olunmasına mühüm töhfə verəcək. Bu il iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları istiqamətində görülən işlər müzakirə olunub. Sənəd ölkənin növbəti üç il üzrə rəqəmsal transformasiya və texnoloji inkişaf prioritetlərini müəyyən edir. Onun icrası üzrə bir sıra tədbirlər görülüb və proses davam etdirilir.

Məlumat verilib ki, dövlət xidmətlərinin vətəndaşlar və biznes subyektləri üçün daha əlçatan olması məqsədilə “mygov” və “mygov biznes” platformaları üzərində iş aparılır. Dövlət qurumlarının xidmətləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya edilir, rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proaktiv xidmətlərin payının artırılması istiqamətində addımlar atılır.

İnnovasiya ekosisteminin inkişafı, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi də prioritetlər arasındadır. Bu məqsədlə texnoloji inkişafı dəstəkləyən və qanunvericilik bazasının təkmilləşdirilməsini nəzərdə tutan geniş islahat paketi hazırlanıb. Süni intellektin dövlət idarəçiliyinə və ictimai xidmətlərə tətbiqi Fəaliyyət Planının əsas istiqamətlərindəndir. Bu sahədə yüksəksəviyyəli hesablama infrastrukturunun yaradılması və dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi nəzərdə tutulur.

Rəqəmsal transformasiyanın etibarlı şəkildə davam etdirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə hüquqi və institusional islahatlar həyata keçirilir. Qarşıya qoyulan strateji hədəflərin uğurlu icrası ölkəmizin texnoloji potensialının gücləndirilməsinə, rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına mühüm töhfə verəcək.

İctimai dinləmədə Fəaliyyət Planında innovasiya ekosisteminin inkişafı ilə bağlı nəzərdə tutulan qanunvericilik təşəbbüslərinin təqdimatı olub.

Tədbirdə iştirakçıların təklif və rəyləri dinlənilib, rəqəmsal inkişaf gündəliyinin əsas istiqamətləri, həyata keçirilən islahatlar və qarşıda duran prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb.